May və İyun Ayında Oxuduqlarım // 2017

Haziran 30, 2017

Hər kəsə, salamlar

May ayında oxuduğum kitablar haqqında blogda yazmağa vaxt tapa bilmədiyim üçün düşündüm ki, bu iki ayı birləşdirərək bir yazı yazım. Belə ki may ayında çox yaxşı kitablar oxumuşdum, ancaq iyun ayında imtahanlarım olduğu üçün çox da kitab oxuya bilmədim.


İlk olaraq may ayında oxuduğum kitablar haqqında yazım:
1)    Rick Yansey – Son Yıldız 3/5
“5.Dalga” seriyasını nə qədər çox sevdiyimi hər yerdə deyirdim, ancaq artıq seriyanın son kitabını oxuduqdan sonra fikrim tamamilə dəyişdi. Bir son kitab olaraq bu cür sonu olmamalıydı. Sanki yazıçı məhz yad planetliləri bir yerə bağlamaq üçün belə son verib. Bəzi yerlərini sevsəm də, bəzi yerləri hələ də qaranlıq qaldığı üçün sevə bilmədim. Yenə də “5. Dalga” mənim sevdiyim kitablardan biri olaraq qalacaq.

2)    Cassandra Clare – Mekanik Prens 5/5
Sadəcə möhtəşəmdi. Yazıçının “Ölümcül Oyuncaklar” seriyasını hələ də oxumamışam. Səbəbi isə oxuyanların çoxu sevmir, əslində ilk kitabın, yəni “Kemikler Şehri”nin filmini izləmişdim və sevmişdim. Ancaq 6 kitablıq bir seriyaya başlamağa qorxuram.
“Cehennem Makinaları” seriyasını isə çox sevirəm. İlk kitabda sevə bilmədiyim obrazlardan olan Will’ə belə bu kitabda aşiq oldum. Uşaq vaxtı yaddaşımıza həkk olunub bizi qorxudan şeylər əslində bəlkə də ömrümüz boyu kabusumuza çevrilə bilər. “Mekanik Prens”i oxuyarkən o qədər ağlamaq istədim ki. Ah, Will.

3)    John Steinbeck – Fareler ve İnsanlar 5/5
Bu kitabı çoxdandır ki, kitab rəfimdə oxumaq üçün gözlədirdim. Çünki nədənsə mövzusunu bilməsəm belə elə üz qapağından hiss edirdim ki, məni ağladacaq bir kitab olacaq. Elə də oldu. Nəhayət may ayında kiçik bir cəsarətlə oxumağa başladım və yaşlar gözlərimdən süzülərkən sözlər axıb getdi. Baş qəhrəmanlarımız olan George və Lennie işləmək üçün yeni bir fermaya gedirlər. Tək istədikləri bir az pul yığıb öz torpaqlarını almaqdır. Bu fermada bu xəyyallarını gerçəkləşdirmək üçün bir addım daha atmış olarlar. Ancaq Lennie’nin bəzi istəkləri sonda həmişə onun başını bəlaya soxar. Kitabı oxuyarkən görmüş olduğumuz təkcə Lennie və George’un həyatı deyil. Yeni fermada yaşayan və işləyən başqa bir çox insanların daha həyatlarını oxuyuruq. Həmçinin hələ də günümüzdə təəssüflər olsun ki, öz aktuallığını itirməyən cinsi və irqi ayrı seçkilik məsələlərinə də rast gəlmək mümkündür. İncə bir kitab olmağına baxmayaraq çox sevərək oxuyacağınız bir kitabdır. Oxuyun. Kitabın filmi də çəkilib.

4)     Marie Rutkoski – Kazananın Laneti 4,5/5
Sevərək oxuduğum bir digər kitab daha.
Bu kitab haqqındakı fikirlərimi blog’da yazmışam. Əlavə olaraq onu qeyd edim ki, seriyanın ikinci kitabı da artıq satışdadır. Hələ də oxumamısınızsa ikisini birlikdə alıb oxuya bilərsiniz.

5)    Murad Cəfərov – Bir Cüt Qanad 4/5
Deyəsən blogda ilk və tək Azərbaycan dilində oxuyub haqqında fikirlərimi yazdığım bir kitabdır. Nə deyirik? Davamlı olsun.
May ayında oxuyub çox sevsəm də vaxt tapıb haqqında fikirlərimi yaza bilmədim. Son vaxtlarda öz dilimizdə, öz yazıçılarımızdan oxuduğum ilk kitab olduğunu qeyd etsəm yeridir. Düzünü desəm kitaba qorxu ilə başlamışdım. Dilinin məni yoracağını, bəyənməyəcəyimi düşünürdüm, ancaq elə olmadı. Həm dili çox axıcı idi, həm də mövzusu çox maraqlı idi.
Bir gün baş mələk Uriel cəhənnəmə gəlir və burada günahkarlardan birinə bir iş təklif edir qarşılığında isə bir cüt qanad verəcəyini deyir. Əlbəttə ki belə bir təklif qarşısında bizim günahkarımız işin nə olduğunu soruşmadan qəbul edir. Sonra isə hadisələri baş qəhrəmanımız olan bir qızın ağzından oxuyuruq. (qızın adını unudub baxmağa da ərinən bir ədəd Zema).
Belə ki qızımız bir gün gözünü bir xəstəxanada hər şeyi unutmuş bir şəkildə açır. Bəzi səslər eşidəndə düşünür ki, həqiqətən də dəli olub. Ancaq işlər düşündüyü kimi getmir.
Mələklərlə bağlı fantastik kitablar oxumağı sevirsinizsə bir şans verin. Mən sevərək oxudum. Klişeləri olmağına baxmayaraq, gözəldi. Oxuyuuuun!

6)    Sylvia Day – Sana Soyundum 3/5
Çoxdandır ki, bu seriyaya başlamaq istəyirdim. Nəhayət may ayında pdf olaraq yükləyib oxudum. Erotik romansdır, bəri başdan deyim. Mənim üçün ortalama bir kitab oldu. Baş qəhəmanlarımızın hər ikisinin qüsurları var idi. Yəni bu o deməkdir ki, möhtəşəm olaraq gözümüzdə böyütdüyümüz obrazlar əslində heç də möhtəşəm deyil. Ancaq bəzi məqamlarda Eva məni o qədər sıxdı ki, artıq bezdim. Yarımçıq qoymaq istəmədiyim üçün oxuyub bitirdim. Gideon Cross’a aşiq olmamaq əldə deyil.
Qeyd edim ki, seriya 5 kitabdan ibarətdir. Bir ara hətta belə bir söz də yayılmışdı ki, seriyanın filmi çəkiləcək. Ancaq hələ də bir xəbər yoxdur.

7)    Albert Camus – Yabancı
Bu kitab haqqında nə yazsam hələ də bilmirəm. Fikirlərim hələ də tam yerinə oturmayıb. Səbəbi isə baş obrazımızın vecsizliyə olan bağlılığıdır. Əslində başqalarına nisbətən hər şeyə reaksiya verməyən biri olaraq onu başa düşmək mənim üçün o qədər də çətin olmamalı idi. Ancaq deyəsən elə buna görə də başa düşməməyi seçdim.
Bir insanın hər şeyə qarşı necə vecsiz olmağından bəhs edir. Düşünürəm ki, oxuyub hər kəsin özü bir nəticə çıxamağı daha yaxşıdır.

8)    Ray Bradbury – Fahrenheit 451 4/5
Yazıçının daha əvvəl bir hekayəsini oxuyub çox bəyənmişdim. Elə buna görə də bu kitabını da oxumağı çox istəyirdim. Nəhayət bu ay Fahrenheit 451 ə başladım. Heç düşündünüzmü görəsən bu sözün mənası nədir? “Fahrenheit 451”. Bu kitabların yanma dərəcəsidir. Kitabın ilk cümləsindən bu açıqlanır. Hadisələr əslində hər kəsin xoşbəxt yaşadığı bir yerdə keçir və burada insanlar öz xoşbəxtliklərini dünyanın qalan hissələrindən xəbər almadan, kitabları yandıraraq yaşayırlar. Bir düşünün, dünya yox olduğu bir dönəmdə bizim ölkədə ancaq xoş xəbərlər verilsəydi, informasiya məqsədi ilə alınan məlumatlar yox olsaydı. Kitablar olmasaydı. Nədə olsa insan düşünməsə, öyrənməsə daha xoşbəxt yaşaya bilər, elə deyilmi?
Kitabda ən az gördüyümüz obrazlarından biri olan Clarissa’nı elə ilk cümləsindən çox sevdim. Nədə olsa bizə ən yaxın gələn o idi.
Sadəcə oxuyun.

9)    Julie Cross – Fırtına 4/5
May ayını son kitabı da bu oldu. Çox sevərək oxudum. Kitabı oxumamışdan əvvəl kitab haqqında bildiyim sadəcə olaraq zamanda səyahətdən bəhs olunduğu idi. Fantastik janrda bir kitabdır. Əminəm ki, mənim kimi timetravel sevənlərin sevərək oxuyacağı bir kitab olacaq. Adicə kitabın arxa hissəsində yazılan qısa cümlələr belə oxumaq üçün özündə maraq yaradır.

“ Günümüzde Jackson ve Holly birbirine sırılsıklam aşık.
Gelecekte Holly, Jackson’ın kollarında can verecek.
Geçmişte Jackson kaderi değiştirmeli.”

Seriya üç kitabdan ibarətdir. Məndə sonuncu kitab olmasa da tezliklə əldə etməyi planlayıram. İkinci kitabı tezliklə oxumaq istəyirəm, çünki elə yerdə bitdi ki, həqiqətən heç gözləmirdim.

İndi isə keçək iyun ayında oxuduğum kitablara. Biri pdf olmaqla 4 kitab oxudum:


1)    Pepper Winters – Tess’in Gözyaşları 4/5
Bu kitabı imtahan ərəfəmdə bir az dincəlmək üçün oxumuşdum. Kitab erotik janrdadır. Mövzusundan bir az yazmaq olarsa Tess bir gün sevgilisi ilə tətilə gedir. İndi bu qızı həqiqətən başa düşə bilmirəm. İnsan necə olar da başqasına görə özü istəklərindən əl çəkər. Bu arada elə buna görə də sevgilisini də başa düşməmişdim. Daima öz istəklərinə önəm verərək qızın arzularını görməzdən gəlirdi. Nəysə, getdiyi tətildə biriləri tərəfindən qaçırılır və bundan sonra həyatı tamamilə dəyişir. Klişeliklərdən uzaq bir kitab olduğunu da qeyd edim. Çünki “Fifty Shades of Grey”dən gördüyümüz BDSM burada da olsa da, mövzusu, xarakterləri tamamilə fərqli tərzdə idi.
Bu əslində Bella’nın “Mən vampir olmaq üçün doğulmuşam” dediyi halda, Elena Gilbert’in vampir olduqdan sonra oturub ağlaması kimidir. Yəni Ana BDSM’ni nə qədər istəmirdisə, Tess bir o qədər ona doğru can atırdı.
Kitabdakı Q obrazını hələ anlaya bilməsəm də, etdiyi işlərlə kitabın sonunda qəlbimi qazandı. Seriya üç kitabdan ibarətdir, ancaq yalnız iki kitabı türk dilinə tərcümə olunub və “Arkadya Bitter” nəşriyyatı bağlandığına görə üçüncü kitab gəlməyəcək. Buna görə də seriyanı pdf olaraq yükləyib oxudum. İkinci kitabı da oxuyub sevsəm son kitabını ingilis dilində oxuyaram.

2)    Jojo Moyes – Senden Sonra Ben 4/5
Yenidən Louisa’nı görmək çox gözəl idi. Will’dən sonra düşünürdüm ki, kitabı oxumaq maraqsız olacaq, ancaq heç də elə olmadı. İlk kitabı sonunu bilərək oxumuşdum, bu kitabda isə heç bir şey gözləmədən oxudum və çox sevdim. Əgər ilk kitabı oxuyub bəyənmisinizsə bu kitabı da oxuyuuun.
Xəyalımızda sarı xəttli corabları ilə Paris küçələrində hər kəsə o pozitiv enerjisini göndərərək gəzən bir Lou qalmışdı. Ancaq bu kitab sayəsində əslində hər şeyin bu qədər asan olmadığını görürük.
Kitabdakı yeni obrazlara başlarda isinə bilməsəmdə sonda çox sevdim.

3)    Benokız – Sevgiler Benodan 4/5
Daha əvvəldən instagramda @benonunblogu hesabını izləyirdim. Aranızda takib edənləriniz varsa bilirsiniz ki, Beno heç gözləmədiyi bir anda xərçəng xəstəliyinə tutulmuşdu. Ancaq buna baxmayaraq daima şükür etdi, xəstəliyini ona verilmiş bir imtahan kimi qəbul etdi və ona boyun əyməyərək qalib gəlir. Bundan sonrada həyatında olanlarla bağlı bu kitabı yazır. Kitabın başlarından göz yaşlarımı tuta bilmədim. Hətta imtahan ərəfəsində oxumağa başlamışdım, ancaq baxdım hər cümləsinə ağlayıram qoydum bir qırağa. Bu kitaba bir kitab olaraq deyildə bir gündəlik olaraq yanaşsanız çox sevərsiniz. Kitabın hər səhifəsində Benonun şükürləri əksik olmadığı üçün qəlbinizə isti bir hiss yayılır. Yeri gələndə ağlasanız da, yeri gəldiyində bəxş etdiyi hisslər insanı xoşbəxt edir.
Bəzi günlərdə açıb vərəqləyərək xoşbəxtlik tapa biləcəyiniz bir kitabdır.

4)    Victor Hugo – Bir İdam Mahkumunun Son Günü
Bu kitab haqqında nələr yazmalı olduğum haqqında heç bir fikrim yoxdur. Çox sevərək oxudum. Həm ön sözü ilə, həm də hekayənin özü ilə insanı çox düşündürür. Kitab ölüm cəzasına qarşı çıxıldığı bir dövrdə yazılmışdır. Əlbəttə o dönəmlərdə hökümət günahkarlara çox ağır işgəncələr verməklə yanaşı ölüm cəzasını çox rahat və asan bir şəkildə tətbiq edirdi. Buna görə də dövrün ən görkəmli insanları buna qarşı çıxaraq əsərlər yazmağa başlayırlar ki, “Bir İdam Mahkumunun Son Günü” də belə əsərlərdən biridir. Edama məhkum olan bir insanın həyatını oxuyuruq. Çox dəyişik tərzdə kitab olmağına baxmayaraq  düşünürəm ki, verilmək istədiyi mesaj çox düzgün idi. Oxuyun, dili klassik olmağına baxmayaraq asan idi.


Bu ay oxuduqlarımdan bu qədər. Ümid edirəm sevərək oxuduğunuz bir yazı olmuşdur. Siz bu ay nələr oxudunuz? Fikirlərinizi yazmağı unutmayın.

You Might Also Like

0 yorum